«ARŞIN MAL ALAN»

2

Əsgər və Cülçohrənin partiyaları rəngarəng və dərin məzmunludur. Böyük məhəbbət arzulayan əsas qəhrəmanlardan biri - Əsgərin dahi Azərbaycan şairi Füzülinin sözlərinə yazılmış ilk ariyasında xəyalpərvər, bir qədər kədərli obrazı yaradılır. II pərdədə isə Gülçöhrə ilə duet səhnəsində gözümüz önündə, artıq sevği işığına boyanmış, bir qədər həyəcanlı, xoşbəxt gənc canlanır. Gülçöhrənin də ilk ariyası (II pərdə) məhəbbət arzuları ilə yaşayan gənc qızın iztirablarını, xəyallarını əks etdirir. Onun romantik duyğuları ilhamlı, bir qədər həyəcanlı II ariyasının əsas əhval-ruhiyyəsinin məzmununu elə bundan ibarətdir. III pərdədən ariyaIV pərdədən naləsi əvvəlki əhval-rühiyyə ilə bağlıdır; Azərbaycan qızının o dövrdəki acı taleyinin sanki musiqi təsviridir.

Musiqili komediyanın digər iştirakçıları əsasən janr – məişət üslublu musiqi nömrələri ilə səciyyələnir. Şən mahnı və rəqslər, dialoq-səhnəciklər  səhnə hadisələrinin lirik-komik koloritini yaradır: Cahan xalanın kupletləri, Süleyman bəyin mahnısı, Süleyman bəyin mahnı və rəqsi, Asyanın mahnırəqsi, Soltan bəyin kupletləri, Telli və Vəlinin yumorla yoğrülmüş məhəbbət etirafı olan dueti.

«Arşın mal alan»da hadisələr dinamik inkişaf edir. Burada fon, ikinci dərəcəli, şərhedici nömrələr yoxdur.Yeganə xor olan qızların xoru da milli məişət koloritinin poetik təcəssümüdür. Bəstəkar operettanin musiqisində Azərbaycan xalq mahnısı və rəqslərinin ritm-intonasiyalarını böyük ustalıqla əks etdirir. Qızların xorunda «Qalanın dibində», Soltan bəyin kupletlərində «Canlar içində canım», uvertyuranın əsas mövzusunda «Boynunda var salırıq» mahnılarının, Asyanın rəqsində «Tərəkəmə» xalq rəqsinin intonasiyaları eşidilir.

Üzeyir Hacıbəyov «Arşın mal alan»da xalq mahnı-rəqs və muğam ənənələrini sintezləşdirərək parlaq, yeni vokal üslub yaratmışdır. Burada artıq milli musiqi təfəkkürü, milli üslub avropa vokal üslubu ilə qovuşur. Parlaq məzmun ilə yanaşı bu musiqi novatorluğu operettanın dünya miqyasında şöhrət tanmasının əsas şərtlərindən biri oldu.

«Arşın mal alan» elə ilk tamaşadan böyük populyarlıq qazandı. Əsərin ilk tamaşası 1913-cü ildə oktyabrın 25-də Bakıda Tağıyev teatrında olmuşdur: quruluşçu rejissor böyük Azərbaycan aktyoru və rejissoru Hüseyn Ərəblinski, rollarda: Hüseynqulu Sarabski (Əsgər), Əhməd Ağdamski (Gülçöhrə), Ələkbər Hüseynzadə (Soltan bəy), A.Olenskaya (Asya), X.Hüseynov (Vəli), Cülsabah xanım (Cahan xala) çıxış etmişlər. Premyeradan sonra «Arşın mal alan» Qafqazın, Rusiyanın, daha sonra isə bütün dünyanın teatr səhnələrinə zəfər yürüşünü başlayır. Tez bir zamanda əsər rus, gürcü, fars, erməni, ingilis, ərəb, polyak, bolqar, özbək, çin  - 66 dilə tərcümə olunur. «Arşın mal alan»ın populyarlığına dair tarixdən belə bir fakt gətirmək olar: Qafqazda bu adla kafelər, restoranlar, dükanlar açılır. Əsər 1915-ci ildə Tiflisdə eyni gündə dörd yerdə, dörd dildə – Azərbaycan, rus, gürcü və erməni dillərində oynanılırdı.

«Arşın mal alan» bir neçə dəfə ekranlaşdırılmışdır. Musiqili komediyanın ilk ekran variantı 1916-cı ilə aiddir. Rejissor V.Svetlanovun çəkdiyi səssiz filmdə H.Sarabski, Ə.Ağdamski, Y.Nərimanov, Ə.Hüseynzadə, M.Əliyev çəkilmişdi. Filmi Cabbar Qaryağdıoğlunun triosu, musiqiçilər dəstəsi müşayiət edir, musiqi nömrələri canlı ifa olunurdu.

Musiqili komediyanın ikinci ekranlaşdırma cəhdi isə uğursuz oldu. Peterburqlu rejissor Q.Belyakov 1917-ci ildə Ü.Hacıbəyovun icazəsi və razılığı olmadan film çəkmiş və müəllif hüquqları pozulduğu üçün bu film prokata buraxılmamışdı. 1937-ci ildə ABŞ-da rejissor R.Maqalyan da «Arşın mal alan» musiqili filmi çəkmiş, lakin Ü.Hacıbəyovun müəllifliyini göstərməmişdir. II dünya müharibəsi illərində SSRİ-də «Arşın mal alan» bədii musiqili filminin çəkilişlərinə başlanmış və film 1945-ci ekranlara buraxılmışdır. Əsas rollarda -  R.Behbudov (Əsgər), L.Cavanşirova (Gülçöhrə), Ə.Hüseynzadə (Soltan bəy), L.Abdullayev (Vəli), F.Mehrəliyeva (Telli), M.Kələntərli (Cahan xala) çəkilmişlər. Filmin musiqi redaktoru – Niyazi, ssenari müəllifi S.Rəhman, rejissorlar R.Təhmasib və N.Leşşenko, operatorlar L.Atakişiyev və M.Dadaşov idi. 1946-cı ildə «Arşın mal alan» filminin yaradıcıları SSRİ Dövlət Mükafatına layiq göruldülər. Film dünya xalqdarının dillərinə dublyaj ediləcək 130 ölkədə böyük müvəffəqiyyətlə nümayiş etdirildi.

1965-ci ildə «Azərbaycanfilm» kinostudiyasında rəngli bədii «Arşın mal alan» filmi çəkildi: ssenari müəllifləri T.Tağızadə və M.Dadaşov, rejissor T.Tağızadə, musiqi redaktoru SSRİ xalq artisti F.Əmirov idi. Baş rollarda L.Şıxlinskaya (Gülçöhrə), H.Məmmədov (Əsgər), H.Yaqizarov (Süleyman bəy), A.Soltanov (Soltan bəy), N.Məlikova (Cahan xala) çəkilmişlər.

«Arşın mal alan» «Melodiya» firması tərəfindən üç dildə (Azərbaycan, rus və fars) qrammofon valına yazılmışdır. Əsər haqqında dövri mətbuatda, elmi jurnallarda yüzlərlə resenziyalar, elmi məqalələr, kitab və broşürlər yazılmışdır.

90 ildir ki, dünya musiqi mədəniyyətində «Arşın mal alan» adlı bir ulduz parlayır. Dünya da, həyat tərzi də dəyişir, nəsillər bir-birini əvəz edir, zövqlər ildırım sürəti ilə yeniləşir. Lakin Əsgər və Gülçöhrənin romantik məhəbbət tarixcəsini söyləyən musiqi hekayəti bu gün də təravətini saxlayır, insanlara xoş təbəssüm və hisslər bağışlayır.



Pages:

 

  © Musigi Dunyasi, 2003